Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qurban bayramı münasibətilə xalqımızı və bütün İslam aləmini təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Həmvətənlərimizi və bütün İslam aləmini müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Qurban Bayramı insanları xeyirxahlıq, mərhəmət, paylaşmaq və mənəvi kamillik kimi ali dəyərlər ətrafında birləşdirir. Bu əziz günlər həmrəyliyin, qarşılıqlı dəstəyin və ehtiyacı olanlara əl uzatmağın vacibliyini bir daha xatırladır.
Bu mübarək günlər hər bir ailəyə sevinc və bərəkət gətirsin, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi bəxş etsin.
Qurban Bayramınız mübarək!" - paylaşımda bildirilib.
XİN başçısı Ceyhun Bayramov da "X" hesabında bayram təbrikini bölüşüb.
"Müqəddəs Qurban Bayramı münasibətilə həmvətənlərimizi və bütün müsəlmanları səmimi qəlbdən təbrik edir, firavanlıq və əmin-amanlıq arzulayıram.
Qurban Bayramı fədakarlıq, mərhəmət, həmrəylik, paylaşmaq və mənəvi dəyərlərə sədaqət rəmzidir. Bu mübarək günlərin ailələrinizə sevinc, evlərinizə bərəkət, qəlblərinizə rahatlıq gətirməsini diləyirəm.
Qurbanlarınız və dualarınız qəbul olsun! Qurban Bayramınız mübarək!" - nazir qeyd edib.
Bizim.Media