Xalq artisti Rasim Balayevin vəfatından sonra onun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədrin kim olacağı əsas müzakirə mövzularındandır. Yeni sədrin İdarə Heyətinin üzvləri arasından seçiləcəyi gözlənilir.
Yəni İttifaqın nizamnaməsinə əsasən sədri qurultay seçir. Bununla belə kinosevərlərin, xüsusilə gənclərin də görmək istədikləri namizədlər var ki, onlardan biri də AKİ katibi, rejissor Əlisa Cabbarovdur.
Əlisa Cabbarov Cənubi Qafqaz Müstəqil Kinematoqrafçılar Assosiasiyasının və "Fokus" analitik kino jurnalının naşirlərindən biridir. 2009-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.
Bizim.Media-nın Əlisa Cabbarovla qısa müsahibəsini təqdim edirik:
– Gənclərin sizi sədr görmək istəməsinin səbəbi nədir? Bu, sizin də gənc olmağınızla bağlıdırmı?
– Düşünürəm ki, bu suala cavab vermək üçün hələ tezdir. Bu, təşkilati məsələdir və qurultayda həll olunacaq. Mən də hələki təşkilati işlərlə məşğulam. Qurultayın may ayının 8-dən sonra keçirilməsi nəzərdə tutulur.
– Bəs siz özünüzü bu vəzifədə necə görürsünüz? Seçilsəniz sizin prioritetiniz necə olardı?
– Qurultaydan əvvəl fikrimi mütləq bildirəcəyəm. Amma indidən deyim ki, mənim əsas xəttim indiyədək görülən işlərin davam etdirilməsi ilə bağlıdır. Bu istiqamətdə atılan addımlar davam etməli və daha da inkişaf etdirilməlidir. Hesab edirəm ki, artıq başlanmış layihələr dayanmalı deyil, əksinə yeni nəfəs qazanmalıdır. Mənim qırmızı xəttim var: İttifaqın indiyədək gördüyü işlər yarıda saxlanıla bilməz. Əlimdən gələni edəcəm ki, bu xətti heç kim keçməsin. Bu qırmızı xəttə qarşı kim çıxsa, onunla fəal mübarizə aparacam. Bizim birləşməmizdən sonra kimsə geri dönüş istəyir, bildirmək istəyirəm ki, o mümkün deyil, narahat olmasınlar.
– Bəlkə də gənclərin sizi dəstəkləməsinin səbəbi məhz bu “yeni nəfəs” gözləntisidir?
– Bəli, ola bilər. İndi bu, onların seçimidir, qarışa bilmərəm. Amma əsas məsələ odur ki, biz təqdim etdiyimiz istiqamətdə işləri davam etdirəcəyik və bu prosesdə geriyə addım olmayacaq.
– Hazırda mediada müxtəlif siyahılarla bağlı məlumatlar dolaşır, bu, namizədlərin rəsmi siyahısıdırmı?
– Rəsmi siyahı yoxdur və ola da bilməz. Namizədlərin siyahısı yalnız qurultayda təsdiqlənəcək və səsverməyə çıxarılacaq. Sadəcə olaraq, təşkilat üzvləri tərəfindən müəyyən təkliflər irəli sürülə bilər. Hər hansı bir üzv digər üzvü və ya bir qrup namizədi təklif edə bilər. İdarə tərəfindən tövsiyə xarakterli ola bilər. Məsələn, İttifaqın 2022-ci ildəki qurultayında 2 namizəd təklif etmişdik: Rasim Balayevlə, Şəfiqə Məmmədova. Şəfiqə xanım namizədliyini Rasim müəllimin xeyrinə geri götürdü və yekdilliklə sədr seçildi. Yəni belə olur. Bu dəfə də namizədlərimiz qurultayda bəlli olacaq və yekun qərar da yalnız o zaman veriləcək.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da İstanbulda müalicə aldığı klinikada vəfat edib.
O, ağciyər xərçəngi və yüksək şəkər səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Onun vəfatından sonra AKİ-də sədr vəzifəsi boş qalıb. Mərhumun qırx mərasimindən sonra mayın 8-də qurultayla bağlı iclas keçiriləcək.
Şəfiqə Şəfa, Bizim.Media