"TikTok" sosial şəbəkəsində söyüş söyən şəxs məsuliyyətə cəlb olunub.
Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini, 29 yaşlı Sadiq Göyüşov (ad və soyad şərtidir) "TikTok" sosial şəbəkəsində paylaşdığı videoda əxlaqsız ifadələr işlədərək ictimai mənəviyyatı təhqir edib.
Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Üç uşaq atası olan tiktoker törətdiyi əməldən peşman olduğunu və bunun pozuntu olmasından xəbəri olmadığını deyərək barəsində yüngül cəza verilməsini xahiş edib.
O, həmçinin videonu tanışlarına göstərmək üçün paylaşdığını bildirib.
Məhkəmənin hökmü ilə onun barəsində 700 manat inzibati cərimə cəzası təyin edilib.
Bizim.Media