Məşhur rusiyalı somnoloq, tibb elmləri namizədi Aleksandr Kazaçenko vaxtından əvvəl ölüm riskini artıran amillər barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Lenta.ru" nəşri yazıb.
Mütəxəssis bildirib ki, yuxunun müddəti və keyfiyyəti birbaşa uzunömürlüklə bağlıdır:
"Uzunmüddətli yuxu çatışmazlığı həyat üçün ən az qiymətləndirilən risk faktorlarından biridir. Bir sıra tədqiqatlara əsasən, sutkada 7 saatdan az yatan insanlarda istənilən səbəbdən ölüm riski orta hesabla 12% artır".
A.Kazaçenko vurğulayıb ki, hətta bir günlük yuxusuzluq belə beyin fəaliyyətinə və diqqətin cəmlənməsinə mənfi təsir göstərir. Yuxu defisiti xroniki hala çevrildikdə isə qıcıqlanma, apatiya, tükənmə və depressiya simptomları ortaya çıxır. Eyni zamanda, depressiyanın özü də yuxu keyfiyyətini pisləşdirərək vəziyyəti daha da ağırlaşdırır.
Somnoloqun sözlərinə görə, xroniki yuxu çatışmazlığı ürək-damar sistemi üçün ciddi təhlükə yaradır. Yuxusuzluq orqanizmin tam bərpa olunmasına mane olur. Nəticədə adrenalin ifrazı artır, ürək döyüntüsü sürətlənir və qan təzyiqi yüksəlir.
Həkim onu da izah edib ki, yuxusuzluqdan əziyyət çəkən insanlar güclərini qorumaq üçün fiziki fəaliyyəti məhdudlaşdırırlar. Bu isə çəki artımına və hərəkət çatışmazlığına (hipodinamiya) səbəb olur ki, bu da ölümcül ürək-damar xəstəliklərinin inkişafına gətirib çıxarır. (Oxu.Az)
Bizim.Media