Son günlər Xəzər dənizində baş verən zəlzələlərin sayı artıb. Bunlardan ən güclüsü ötən gün qeydə alınıb. Belə ki, yerli vaxtla 13:05-də baş verən zəlzələnin maqnitudası 5,3 olub.
Qeyd edək ki, 2000-ci ildə Bakı şəhərində baş verən 6,8 bal gücündə zəlzələnin episentri də Azərbaycanın Xəzər dənizi sektorunda yerləşirdi.
Bəs, Xəzər dənizindəki zəlzələlərin artmasının səbəbi nədir? Yenə, 2000-ci ildəki zəlzələ təkrarlana bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib ki, son günlər baş verən zəlzələlərin dərinliyi 2000-ci ildəki zəlzələ dərinliyindən fərqlənir:
“Mütəmadi olaraq Xəzərdə zəlzələ baş verir. Müəyyən sıxılmalar və genişlənmələr gedir. Arada orta güclüsü də, zəifi də olur. Yanvar ayından bu günə qədəri tək Azərbaycan hüdudlarında 3 mindən çox zəlzələ baş verib. Dünənki zəlzələ 70 km dərinlikdə baş verib. 2000-ci ildə baş verən zəlzələnin episentri isə dərində olduğundan daha çox hiss olunmuşdu. Yəni, son günlər Xəzərdə baş verən zəlzələlər 2000-ci ildəki dağıntını yaradacaq episentrdə yerləşmir”.
Naibə Məmmədova, Bizim.Media