Lənkəranda çürümüş ağac avtomobilin üzərinə düşüb. Hadisə səhər saatlarında köhnə Ələt–Astara magistral yolunun Lənkəran rayonunun Parakənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Bizim.Media xəbər verir ki, Astara rayonunun Təngərüd kənd sakini, 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Lənkəran istiqamətində hərəkətdə olarkən yol kənarındakı çürümüş ağac qəfil aşaraq nəqliyyat vasitəsinin üzərinə düşüb.
Nəticədə avtomobildə sərnişin olan sürücünün qızı, 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və onun qayınanası, 1960-cı il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib və müalicələri davam etdirilir.
Kənd sakinlərinin sözlərinə görə, həmin ərazidə bu cür təhlükəli vəziyyətdə olan daha bir neçə ağac var və onların da aşma ehtimalı yüksəkdir.
Bildirilir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, hələlik konkret tədbir görülməyib.
Hadisə nəticəsində yola düşən ağac bir müddət nəqliyyatın hərəkətinə mane olub. Yerli sakinlərin köməyi ilə ağac yoldan kənarlaşdırılıb və hərəkət bərpa edilib.
Qeyd edək ki, xəsarət alan qadınlardan biri həmin gün həkim müayinəsinə getmək üçün xəstəxanaya yollanıbmış.
Faktla bağlı araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu