“Mənə deyirlər ki, uşağın meytini morqdan çıxaranda niyə canlı açmısan? Həmin vaxt şokda idim. Allah heç kimə övlad itkisi göstərməsin”.
Bizim.Media xəbər verir ki, bunu “yenisabah.az”a açıqlamasında körpə övladının dəfnində canlı yayım açan 9 uşaq atası Kamil Cəbrayılov bildirib.
Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan K.Cəbrayılov söyləyib ki, izləyicilər onun hərəkətlərini düzgün qiymətləndirmirlər:
“Kişi və qadın fərqlidir. Qadın xeylağı ağlayır, ürəyini boşaldır. Kişilər isə daxilində ağlayır. İnan ki, mən də daxilimdə ağlayıram, övladımın yasını saxlayıram. İzləyicilər isə bunu laqeydlik və vecsizlik kimi başa düşür. İzləyicilər elə bildilər ki, mən pul yığmaq istəyirəm. Bəziləri reytinq xətrinə mənim canlı yayımda dediklərimi yanlış qələmə verir. Hətta çoxları yazıb ki, bu necə atadır? Onu həbs etmək lazımdır. Onlar bilmir ki, mənim bundan sonra evdə 8 övladım var”.
O, aprelin 3-də zəhərlənən uşaqlarının durumundan da danışıb:
“Uşaqlarımın dördü Sumqayıt Şəhər Uşaq Xəstəxanasında, biri isə Bakıdakı Əbülfəz Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında müalicə alır. Onlardan üçü reanimasiyadadır. Mən canlı açmışdım ki, övladımı dəfn edəndə mənə dəstək olsunlar. Sağ olsunlar, xəstəxanada olan uşaqların müalicəsi üçün pul istəmirlər. Qonşular da evdəkilərə dəstək olur. Mən kuriyer işləyirəm, amma uşaqların yanına gedib-gəlirəm deyə, işə çıxa bilmirəm. Mənim heç kimim yoxdur.
Sağ olsunlar, bəzi izləyicilərim maddi olaraq da dəstək oldu. Almaniyada yaşayan Elnur adlı bir izləyici 300 manat göndərdi. Bu pulla ölən uşağın qəbirüstü daşını aldım”.
K.Cəbrayılov deyib ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Polis İdarəsi məsələ ilə maraqlanıb, hər iki qurumun nümayəndəsi ailəyə baş çəkiblər:
“Dedilər ki, uşaqlara qarşı zorakılıq etmisiniz. Dedim yox, qəti belə bir şey olmayıb”.
Qeyd edək ki, aprelin 3-də Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 6 uşaq dəm qazından zəhərlənib və onlardan biri vəfat edib.
Uşaqların atası Kamil Cəbrayılovun bu məsələ ilə bağlı etdiyi hərəkətlər cəmiyyətdə ciddi narazılıq doğurub. Onun TikTok-da “9 uşaq atası” adlı səhifəsi var. K.Cəbrayılov övladının dəfnində canlı yayım açıb və onun cənazəsi ilə bir neçə video çəkərək sosial şəbəkələrdə paylaşıb.
Ailənin ümumilikdə 9 övladı olub.
Bizim.Media