Xəbər verildiyi kimi aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində çoxuşaqlı ailənin altı uşağı dəm qazından zəhərlənib, sonradan aprelin 3-də onlardan biri ölüb. Hazırda digər 4 uşaq Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında, biri isə Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicə alır.
Atanın 2 yaşlı uşağının meyitini qucağına alıb “TikTok”da canlı yayıma çıxması, ailənin maddi durumunun aşağı olması, övladını dəfn etməyə pulunun olmaması, valideynlərinin psixoloji durumu müzakirələrə səbəb olub. Ata kuryerlik edərək 9 uşaqlı ailəni dolandırdığını deyib.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda dəm qazından zəhərlənən uşaqların SON DURUMU
Azərbaycanda qanunvericiliyə görə, ən azı 6 uşağı olan ailələrə sonuncu bir yaşına çatdığı halda hər uşağa görə 140 manat müavinət verilir. Bu qanunun tələbinə görə, həmin ailəyə təxminən 1260 manat məbləğində müavinət təyin edilməlidir.
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Sumqayıt şəhərində baş vermiş hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb və diqqətdə saxlanılır.
Bildirilib ki, hadisə baş verən ailəyə Komitənin nümayəndələri, eləcə də yerli icra hakimiyyəti və bəllədiyyə nümayəndələri tərəfindən yerində baxış keçirilib. Ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb.
Qeyd edilib ki, hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir.
Eyni zamanda, baş verən hadisənin dəm qazından zəhərlənmə ehtimalı araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar aparılır:
“Aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir.
Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib. Ailənin maddi durumu, uşaqların bağçaya və ya məktəbə getməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanlamışıq.
Günay Şahmar, Bizim.Media