Dünya iqtisadiyyatı hazırda böyük dəyişiklik dövründən keçir. Uzun illər boyu "vahid qlobal bazar" ideyası, yəni bütün ölkələrin bir-biri ilə maneəsiz ticarət etməsi əsas hədəf idi.
Lakin son vaxtlar ABŞ və Çin arasındakı rəqabət, müxtəlif ölkələrə tətbiq edilən ağır sanksiyalar və müharibələr bu sistemi zəiflədib. İndi dövlətlər daha çox öz təhlükəsizliklərini düşünür və etibarlı tərəfdaşlarla kiçik iqtisadi qruplar yaradırlar.
Bu vəziyyət hər bir ölkəni öz "iqtisadi qalxanını" qurmağa məcbur edir. Azərbaycan da bu proseslərdən kənarda qalmır və öz maliyyə müstəqilliyini gücləndirmək üçün konkret addımlar atır.
Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov Demokrat.az-a açıqlama verib.
O deyib ki, Azərbaycanın özünün iqtisadi inkişaf modeli var:
“Aparılan islahatlarla iqtisadiyyatın diversifikasiyası və şaxələndirilməsi təmin edilir. 2026-cı ildə də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatlar davam etdiriləcək və bütövlükdə büdcə gəlirlərində qeyri-neft sektorunun payının 57 faizə, ÜDM-də isə 70 faizə çatacağı gözlənilir.
Bu isə həm fiskal gəlirlərdə, həm də ÜDM-də qeyri-neft sektorunun payının artacağını göstərir. Valyuta ehtiyatlarımız artıq 91 milyard dollardan çoxdur ki, bu da ÜDM-dən təxminən 15 faiz artıq deməkdir. Valyuta ehtiyatlarımız xüsusən də dünya iqtisadiyyatındakı volatillik və regional geosiyasi gərginlik fonunda iqtisadi təhlükəsizlik yastığı rolunu oynayır.
Ona görə də Azərbaycan valyuta ehtiyatlarındakı artım tempinin qorunub saxlanılması və ÜDM-də xarici borcun azaldılması siyasətini davam etdirəcək. Məqsəd xarici neqativ iqtisadi faktorların ölkə iqtisadiyyatına təsirlərini minimallaşdırmaq və Azərbaycandakı dayanıqlı iqtisadi artım tempini qoruyub saxlamaqdır”.
Ekspertin bu fikirləri ölkə iqtisadiyyatının gələcək xəritəsini cızır.
Yəni, Azərbaycan neft amilindən asılılığı sürətlə azaldır. İqtisadiyyatın 70 faizinin qeyri-neft sektorundan formalaşması o deməkdir ki, kənd təsərrüfatı, sənaye və xidmət sahələri artıq əsas gəlir mənbəyinə çevrilir.
Bu isə neftin qiyməti dünya bazarında oynasa belə, daxili bazarda sabitliyin qorunmasına imkan verir.
Digər tərəfdən, 91 milyard dollarlıq nəhəng ehtiyat ölkənin illik istehsal gücündən belə çoxdur.
Bu qədər böyük maliyyə ehtiyatı Azərbaycanın xarici borclarını rahatlıqla tənzimləməsinə və istənilən qlobal böhran zamanı sosial öhdəliklərini yerinə yetirməsinə təminat verir.
Bir sözlə, dövlətin hazırkı siyasəti Azərbaycanı xarici iqtisadi sarsıntılara qarşı daha dayanıqlı və müstəqil hala gətirir.
Bizim.Media