Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim, "AzE Estetik Mərkəzi"nin direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə məhkəməsinin keçirilmə tarixi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə zərərçəkmiş tərəfin vəkili Ülvi Nağıyevin Oxu.Az-a verdiyi məlumata görə, məhkəmənin ilk hazırlıq iclası aprelin 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Cavid İmanovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.
Müəyyən olunub ki, "AzE Estetik Mərkəzi" MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı Səbirə Vəliyevanın üzərində liposaksiya əməliyyatı icra edib, daha sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.
Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.
Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib.
Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Ülviyyə İlyasova barəsində Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf - zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət versələr də, Bakı Apellyasiya Məhkəməsi bunu qismən təmin etmiş və birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.
Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova üç il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə üç il iki ay müddətinə azadlıqdan məhrum olunmuşdu.
Həmçinin cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və yenidən baxılması ucun həmin instansiyaya göndərilib.
Zərərçəkən tərəf Ülviyyə İlyasovanın cəzasının daha da ağırlaşdırılmasını tələb edir.
Bizim.Media