Azərbaycanlı astrofizik, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı və Tusi-Bohm Planetariumunun direktoru Famil Mustafa hazırda ABŞ-də, NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzində elmi-tədqiqat fəaliyyətini davam etdirir. O, beynəlxalq “SCOSTEP Visiting Scholar” (SVS) proqramı çərçivəsində NASA-da elmi araşdırmalara cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu barədə rəsədxanadan məlumat verilib.
Tədqiqatın əsas mövzusu Günəşdə baş verən tac kütlə atılmaları və onların Yerə təsiri, xüsusilə geomaqnit fəallıqla əlaqəsinin öyrənilməsidir.
Layihə çərçivəsində Günəş aktivliyini xarakterizə edən yeni göstəricilərin hazırlanması, bu göstəricilərin geomaqnit indeksləri ilə müqayisəsi və kosmik hava hadisələrinin proqnozlaşdırılması istiqamətində elmi işlər aparılır.
Qeyd edək ki, bu fəaliyyət yalnız fərdi uğur deyil, həm də Azərbaycan Astronomiya elminin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyət daşıyır. Famil Mustafanın NASA-da apardığı araşdırmalar ölkəmizin Günəş–Yer əlaqələri və kosmik hava sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə töhfədir.
Onu da vurğulmaq lazımdır ki, Famil Mustafa uzun illərdir həm elmi tədqiqat, həm də astronomiyanın təbliği sahəsində aktiv fəaliyyət göstərir. O, müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaqla yanaşı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində astronomiya dərnəklərinin, Azərbaycan Astronomiya Olimpiadasının və “Gələcəyin mühəndisi” müsabiqəsinin təşkilatçılarından biridir.
NASA-da həyata keçirilən bu elmi tədqiqatın nəticələri gələcəkdə həm elmi ictimaiyyət, həm də kosmik hava proqnozları ilə bağlı tətbiqi sahələr üçün faydalı olacaq.
Bizim.Media