Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Hadisə ötən gün gecə saatlarında baş verib.
Bir ailədən olan 11, 8, 7, 5 və 2 yaşlı beş uşaq yaşadıqları evin hamam otağında yaranan dəm qazının təsiri nəticəsində zəhərləniblər. Uşaqlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sumqayıt Tibb Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, 01.04.2026-cı il tarixində saat 17:40 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda DƏHŞƏT - Bir ailədən 5 uşaq dəm qazından zəhərləndi
Çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən 4 nəfər (2 kişi, 2 qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına təxliyə olunub.
Daha sonra Uşaq Xəstəxanasına daha 2 nəfər (2 kişi cinsli) hospitalizasiya olunub.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Naibə Məmmədova, Bizim.Media