Qərbi Kaspi Universitetinin dövlət sifarişi əsasında təhsil alan bəzi tələbələrindən 350–370 manat məbləğində ödəniş tələb olunduğu iddia edilir.
Bu barədə Bizim.Media-ya Qərbi Kaspi Universitetinin tələbələri tərəfindən şikayət daxil olub.
Tələbələr bildirirlər ki, onlara dövlət sifarişi üzrə ayrılan vəsaitin tam ödənilmədiyi, qalan hissənin isə tələbələr tərəfindən qarşılanmalı olduğu deyilib. Hətta bununla bağlı tələbələrə mesajlar da göndərilib.
Mesajlarda adları siyahıda olan şəxslərin bu məbləği ödəmədiyi halda imtahanlara buraxılmayacaqları da bildirilib.
Məsələ ilə bağlı Qərbi Kaspi Universiteti ilə əlaqə yaratdıq. Universitetdən sorğumuza hələki cavab verilməyib.
Elm və Təhsil Nazirliyinin tabeliyində olan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən təhsil haqqı formasında hər hansı ödənişin tələb olunması qanunaziddir:
“Dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları dövlət tərəfindən müvafiq qaydada təhsil müəssisələrinə ödənilir. Bu baxımdan, nə dövlət, nə də özəl ali təhsil müəssisəsi tələbədən həmin ödənişin hər hansı bir hissəsini tələb edə bilməz”.
Açıqlamada qeyd edilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən araşdırma aparılır, sözügedən özəl ali təhsil müəssisəsinə məsələnin həlli istiqamətində müvafiq tövsiyələr verilib. Nəticə barədə ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, sözügedən universitet 1 aydır ki, tələbə təqaüdlərini də ödəməyib.
Nəzrin Mirzəyeva, Bizim.Media