Bu gün Azərbaycan xalqı erməni vəhşiliyinin daha bir izini - 31 Mart Soyqırımını kədərlə anır.
Bu soyqırımı xalqımız üçün nə ilk, nə də sonuncu olub. Tarix boyu ermənilər fürsət düşdükcə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıblar.
Tarixi keçmişə baxarkən açıq-aydın görünür ki, ermənilərin bu qanlı əməllərinin ilhamvericiləri hər zaman şimal qonşularımız olub.
1905-ci il: İlk genişmiqyaslı toqquşmalar
1905-ci ildə Çar Rusiyasında baş verən hökumət böhranından diqqəti yayındırmaq üçün bəzi bölgələrdə etnik münaqişələr törədildi.
Təbii ki, bu münaqişə ilk növbədə azərbaycanlılara daha çox zərər vurdu.
İndiki Azərbaycan və Ermənistan ərazisində minlərlə soydaşımız qətlə yetirildi. Xüsusilə indiki Ermənistan ərazisində o zaman böyük etnik təmizləmə aparıldı. On minlərlə soydaşımız tarixi yaşayış yerlərindən didərgin salındı, minlərlə insan qətlə yetirildi.
İkinci belə bir fürsət ermənilərə 1918-ci ildə, yenə ruslar tərəfindən yaradıldı. Belə ki, 1917-ci ildə Rus Çarı devrildi, bolşeviklər hakimiyyətə gəldi.
Bu hadisədən yararlanaraq ermənilər Bakıda hərəkətə keçdilər.
Nəticədə bolşevik Stepan Şaumyanın başçılığı ilə ilə Bakı Soveti yaradıldı.
Bakı Soveti Bakı quberniyasını qısa zamanda ələ keçirdi. Yeni yaradılan Bakı Sovetinin ilk işi hərbi birləşmələr təşkil etmək oldu. Bu hərbi birləşmələr əsasən ermənilərdən və qeyri-azərbaycanlılardan təşkil edilirdi.
Çünki hədəf quberniyada sabitlik yaratmaq yox, azərbaycanlıları qırmaq və Bakını tamamilə erməniləşdirmək idi.
Mart qırğınları: əvvəlcədən hazırlanmış ssenari
Bu dəhşətli planı dərk edən azərbaycan ziyalıları o zaman bir araya gələrək Şaumyanın planını pozmağa çalışdı.
Nəticə etibarı ilə də buna nail olundu. Lakin Bakı Soveti əsasən qeyri-azərbaycanlılardan təşkil olunduğu üçün qırğının qarşısını tam almaq mümkün olmadı.
O zaman Bakı Sovetinin sədri Şaumyan, sədr müavini isə Prokofi Çaparidze idi. Bu cütlük həm bolşeviklərin siyasətini Bakıda həyata keçirir, həm də azərbaycanlılara qarşı amansız fəaliyyət planı hazırlayırdılar. Üstəlik, Erməni Milli Şurası və “Daşnaksütyun” partiyası fəaliyyətlərini tamamilə Bakıya yönəltmişdilər.
Əslində həm Erməni Milli Şurası, həm də “Daşnaksütyun” partiyası hərbi birlik formasında fəaliyyət göstərirdi.
Bakı Soveti onlara həm maddi, həm də hərbi dəstək verirdi. Guya ki, bu birliklər Bakıda asayişi qoruyacaqdı.
Əslində isə bu birliklər azərbaycanlılara qarşı soyqırımı həyata keçirmək üçün fürsət gözləyirdi. Bu fürsət üçünsə vətəndaş qarşdurması vacib idi.
Şaumyanın etirafı
Təsadüfi deyil ki, Şaumyan 1918-ci il martın 15-də çıxış edərkən demişdi ki, Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir:
“Bizim siyasətimiz - vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedərsə, həmin adamlar düşmənlərimizdir”.
Şaumyan vətəndaş müharibəsi adı ilə çoxmillətli Bakıda etnik qarşıdurma yaratmaq istəyirdi. Daha sonra bu qarşıdurmadan istifadə edərək azərbaycanlıları məhv etməyi hədəfləyirdi.
Bunun üçün də o, həm Bakı Sovetinin səlahiyyətlərindən, həm də Erməni Milli Şurasının və “Daşnaksütyun” partiyasının hərbi birliklərindən faydalanmağı planlaşdırırdı.
Bu məsələdə erməni daşnak–rus bolşevik qüvvələriylə menşevik, eser, kadet və digər qeyri-Azərbaycan təşkilatları də həmrəy idi.
Mart qırğınları: əvvəlcədən hazırlanmış ssenari
Nəhayət, Şaumyanın göstərişi ilə daşnaklar martın 31-də hərəkətə keçdilər. Yeni Müdafiə Komitəsinə S.Şaumyanla yanaşı P. Çaparidze, Q. Korqanov, İ. Suxartsev (sol eser) daxil idilər.
Hərbi birləşmələrin rəisi N. Anançenko, komissarı isə S. Martikyan idi.
Azərbaycan əhalisinə qarşı qırğınlarda erməni milli hissələrindən istifadə etmək və sağ eserlərin və daşnakların arxasınca gedən rus və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər.
Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar.
Bütün faciələr azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi.
Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan “Yeqişa Paxlavuni”nin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı.
Demək olar ki, eyni vaxtda Levon Saatsazbekovun erməni dəstəsi şəhərin "Şamaxinka" adlanan hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən erməni əsgərləri hücuma keçdilər.
Ermənilərin birinci hücumu şəhərin "Kərpicxana", "Məmmədli" və "Zibilli Dərə" adlandırılan hissəsinə istiqamətlənmişdi.
Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən "Ərdəhan" və "Janr" hərbi paraxodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər toplardan atəş açırdılar.
Erməni hərbi hissələri Soveti və bolşevikləri müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular.
Qurbanların miqyası: Bakıdan Şamaxıya, Qubaya...
Hücumlar zamanı təkcə soydaşlarımız qətlə yetirilmirdi, həm də azərbaycanlılara aid yaşayış evləri, binalar dağıdılırdı.
Məsələn, o zaman indiki “Təzə pir” məscidi və “İslamiyyə” binası yandırıldı. Ümumilkdə isə 30-31 mart və 1 aprel tarixlərində Bakıda 15 mindən artıq azərbaycanlı qətlə yetirildi.
İnsanlar xüsusi amansızlıqla öldürülürdü. Bununla da onlar azərbaycanlılarda kütləvi qorxu hissi yaratmaq və son nəticədə soydaşlarımızı Bakını tərk etməyə məcbur etmək istəyirdilər.
Təbii ki, Şaumyanın göstərişi bolşeviklər erməni-daşnaklarla birləşərək Azərbaycanın əksər ərazilərində kütləvi qırğınlar törətdilər.
Məsələn, Şamaxıda ermənilər tərəfindən 20 mindən artıq insanın, o cümlədən 1653 qadın və 965 uşaq öldürülüb.
Erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Bundan əlavə ermənilər Qubada da dəhşətli qırğınlar törədiblər.
Bu qırğınlar zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılıb, 2750-dən çox ev tamamilə yandırılıb.
Qətliamın izləri necə aşkarlandı?
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində burada kütləvi məzarlıq aşkarlandı.
Məzarlıqdan tapılan insan sümükləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı.
Məzarlıqda 500-dək insan kəlləsi tapıldı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid idi.
Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımının qurbanları olduğu sübuta yetirildi.
Qeyd edək ki, 1918-ci ilin 5 ayı ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olub.
Təbii ki, Qərbi Zəngəzurda və Göyçə bölgəsində qətlə yetirilən soydaşlarımızın sayı bura daxil deyil.
Tarixi yaddaş və dövlət siyasəti
Erməni vəhşiliyinin bütün dünyaya çatdırılması üçün həm dövlətimiz, həm də vətəndaş cəmiyyəti tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Təsadüfi deyil ki, 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2009-cu ildə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına dair Sərəncam imzalayıb.
Memorial Kompleksi 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilib.
2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə kompleksin açılış mərasimi keçirilib. Həmin vaxtdan bu günə kimi 1,2 milyon insan Soyqırımı Kompleksini ziyarət edib.
Unudulmayan tarix
31 Mart hadisələri təkcə tarix deyil – bu, milli yaddaş, kimlik və ədalət uğrunda mübarizənin bir hissəsidir.
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərin yaddaşında qorunması və qurbanların xatirəsinin yaşadılması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biri olaraq qalır.
Surxay Atakişiyev, Bizim.Media