Süfrələrin bəzəyi olan badamı sevməyən az adam tapılar. Onlar da allergiyası olan insanlardır ki, təkcə badama qarşı deyil, digər quru meyvələrə də həssasdırlar. Qiymətinə görə bağbanını xoşbəxt edən badam bütün zamanlarda süfrələrdən əskik olmayıb.
Bizim.Media xəbər verir ki, tarixi mənbələrə görə, badam becərilməsinə təxminən 4000 il əvvəl başlanılıb.
Amma bu bitkinin qalıqları ilk dəfə e.ə Misirdə qəbiristanlıqda aşkarlanıb.
Ölülərini ziyarət edən qədim misirlilər bu ağacın meyvəsini bəyəndikləri üçün həyətlərində yetişdirməyə başlayıblar. Hətta Firon Tutanxamonun məzarında tapılan meyvələr arasında da badam olub. Badam becərilməsi 350 il əvvəl Avropada ispan konkistadorlarının gətirdiyi şitillərlə məşhurlaşıb.
Hazırda isə ABŞ dünyada badam istehsalında birinci yerdədir. Bununla belə, bu kiçik çərəzi təkcə ləzzətinə görə deyil, həm də sağlamlığa faydalarına görə fərqləndirmək lazımdır.
Tərkibindəki sağlam yağlar, liflər, zülallar və antioksidanlar sayəsində ürək sağlamlığını dəstəkləyir, xolesterini aşağı salır. O, həmçinin toxluq hissini təmin edərək çəki nəzarətinə kömək edir.
Badam dəri sağlamlığını yaxşılaşdıra, saç tökülməsini azalda və diabet riskini azalda bilər. Tərkibində E vitamini, antioksidantlar və sağlam yağlar olan badam dəri hüceyrələrini qoruyur, onları nəmləndirir və qocalma əlamətlərini azaldır.
Diabet riskini azaldır: Badam qan şəkərini balanslaşdırmağa kömək edir. Karbohidratların udulmasını yavaşladır və insulinə həssaslığı artırır. Badamı salatlarda, qatıqla qarışdırılıb və ya müxtəlif reseptlərdə də istifadə edə bilərsiniz.
Badam südü, badam unu və ya badam pastası kimi badam əsaslı məhsullar da fərqli istehlak variantlarıdır. Badamı təbii formada yemək ən sağlam seçimdir. Heç bir duz və ya şəkər əlavə edilməmiş xam badam ideal qidalanmadır.
Şəfiqə Şəfa, Bizim.Media