Son bir sutka ərzində aramsız yağan güclü yağışlar Qusar rayonunda ciddi fəsadlara səbəb olub.
Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Sahid Fərəməzovun Bizim.Media-ya verdiyi məlumata görə, hazırda 34 kənddə 3300 abonent işıqsız qalıb.
Sudur ərazisində isə 5 sm qalınlığında qar yağıb.
Sel suları Mucuq və Suvacal kəndlərində körpülərin giriş-çıxış hissələrini, həmçinin Cətkün kəndinə gedən yolu yuyaraq keçilməz hala salıb. Piral, Kuzun və Anıq kəndlərinin daxili yollarına da ciddi ziyan dəyib. Bir neçə kənddə evlərin həyətlərini su basıb, Quxuroba və Gedəzeyxur kəndlərində isə bəzi evlərin birinci mərtəbələrinə su dolub.
Bundan əlavə, sel suları Ukur çayının sahilində, Həzrə kəndində yerləşən dəyirmanın ətrafını yuyub. Gündüzqala çayından gələn sular isə Quxuroba ərazisində əkin və bağ sahələrini su altında qoyub.
Hazırda rayona dəyən ziyanın miqyası araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu