Avtomobil idarə edərkən sənədlərlə bağlı tələblər hər bir sürücü üçün vacibdir.
Bəziləri hesab edirlər ki, həyat yoldaşına məxsus avtomobili idarə etmək üçün nikah haqqında şəhadətnamə kifayət edir. Digərləri isə bunun üçün mütləq etibarnamənin tələb olunduğunu bildirir. Bu mövzu isə sürücülər arasında tez-tez müzakirə olunan məsələlərdən biri olaraq qalır.
Bəs etibarnamə olmadan nikah haqqında şəhadətnamə ilə nəqliyyat vasitəsini idarə etmək mümkündürmü?
Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyi ər-arvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı bunları qeyd edir:
“Nikah haqqında şəhadətnamə ərlə-arvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur”. (Cebheinfo.az)
Bizim.Media