Balıq o qədər dondurulub ki, yumşaqlığını tamamilə itirib.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, bu görüntülər paytaxtdakı marketlərdən birində qeydə alınıb.
Soyuducuda saxlanılan balıqlar o dərəcədə donub ki, yumşaqlığını itirərək demək olar, buz kütləsinə çevrilib. Alıcılar isə çox vaxt dondurulmuş məhsulla sadəcə soyudulmuş məhsul arasındakı fərqi ayırd etməkdə çətinlik çəkirlər.
Satıcılar da təsdiqləyirlər ki, alıcıların əsas tələbi məhsulun təzə olmasıdır. Lakin bəzən saxlama şəraiti və satış müddəti balığın keyfiyyətinə birbaşa təsir göstərir.
Qida eksperti Ağa Salamov bildirir ki, balıq həddindən artıq dondurulduqda və ya uzun müddət buz qatı altında qaldıqda onun tərkibindəki nəm azalır. Bu isə birbaşa dad və keyfiyyət itkisinə səbəb olur.
Ekspertin sözlərinə görə, balığın -18 ilə -20 dərəcə temperaturda saxlanılması daha məqsədəuyğundur. Həddindən artıq donma məhsulun çəkisinə də təsir edir və nəticədə alıcı faktiki olaraq aldanmış olur.
Mütəxəssis əlavə edib ki, balıq alarkən onun yalnız soyuq olmasına deyil, eyni zamanda ətinin elastikliyini qoruyub saxlamasına da diqqət etmək vacibdir. Əks halda, alıcı balığa deyil, faktiki olaraq buz kütləsinə pul ödəmiş olur.
Bizim.Media