"Gənclik Mall" Ticarət Mərkəzindəki "Zara" mağazasından oğurluqda şübhəli bilinən iki xanım saxlanılıb.
Bizim.Media xəbər verir ki, onlardan biri - 1982-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli D.M. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Təqsirləndirilən şəxs hadisəyə görə bacısı qızı G.M. ilə birlikdə saxlanıldığını deyib.
O, özünü və bacısı qızını təqsirli bilməyib. Qeyd edib ki, bacısı qızı və özünün övladları ilə birlikdə geyimlərə baxmaq üçün "Zara"ya daxil olublar. Bir neçə kofta götürüb geyinmək üçün paltardəyişmə otağına keçmək istədikdə orada adamlar olduğunu görərək gözləməli olublar. G.M. bir gödəkçə geyinib və ondan xoşu gəldiyini deyib. Həmin gödəkçənin birini də D.M. özü götürüb. Təqsirləndirilən şəxs G.M.-ya deyib ki, gödəkcəni koftanın üstündən geyinərək yoxlasın.
Bu zaman uşaqlarının əlləri şokoladla bulaşdığı üçün mağazanın qapısından bir addım qədər çıxaraq ayaqyolunun yerini G.M.-yə göstərib və aparıb onların əllərini yumasını istəyib. Bu zaman qapı siqnal verib, mühafizəçi ona yaxınlaşıb və çantasına baxmaq istədiyini deyib. O, əli şokoladlı olduğu üçün koftanı çantaya qoyduğunu, gödəkcənin isə üzərində olduğunu bildirib. Mühafizəçiyə harasa getmək fikrinin olmadığını, paltardəyişmə otağı üçün növbə gözlədiyini, geyinib yoxlayacağını deyib. Lakin mühafizəçi onları saxlayıb və nəzarətçiyə zəng edib. Nəzarətçi də polisə məlumat verib.
Qadın bildirib ki, mağazadan hər hansı oğurluq etmək niyyətləri və ya planları olmayıb.
Götürdüyü geyimləri geyinib yoxlamaq, xoşuna gəlsə almağı düşünürmüş. Lakin mağaza tərəfindən bu cür hörmətsizlik olunduğu üçün geyimləri almaqdan imtina edib. O, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmədə "Zara" mağazasının mühafizəçisi R.T izahatında bildirib ki, iki müştərini ümumi dəyəri 397 manat olan geyimlərin iki ədədinin etiketini çıxarmaqla, bir ədədinin isə etiketi ilə birlikdə ödəniş etmədən mağazadan çıxan zaman aşkar edərək polisə məlumat verib. O, həmin şəxslər barəsində qanuni tədbir görülməsini və mağazaya dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və onun barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilib. Onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi də qoyulub. (Qaynarinfo.az)
Bizim.Media