Ötən gün Xətai rayonu Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş yanğının səbəbləri şəhər sakinləri arasında böyük narahatlıq yaratdı. Belə ki, bina sakinlərinini iddiasına görə, yanğın elektriklə işləyən avtomobillərin şarjı üçün mənzillərdə elektrik cərəyanına qoşulması ilə baş verib. Sakinlər bildirirlər ki, elektrik xətləri həddən artıq yükləndiyindən qısaqapanma yaradaraq yanğına səbəb olub.
Bu iddianın nə dərəcədə doğru olduğunu araşdırmaq üçün mütəxəssisə müraciət etdik. Nəqliyyat üzrə ekpert Elməddin Muradlı Bizim.Media-ya bildirdi ki, bu məsələ neçə vaxtdır narahatlıq yaratmağa başlayıb. Azərbaycanda elektrik avtomobillərin sayı get-gedə artdıqca insanlar daha ucuz variantlara əl atmağa başlayıblar.
“Pula qənaət etmək üçün bu cür üsullara əl atırlar”
“Qanunla nəzərdə tutulmuş ərazilərdə avtomobili şarj etmək müəyyən məbləğ tələb edir. Amma ev şəraitində bu, daha ucuz başa gəlir. Çünki yaşayış yerlərinə elektrik daha ucuz verilir. Ona göə də bəzi insanlar elektrikdoldurma stansiyalarında vaxt itirməmək, həm də pula qənaət etmək üçün bu cür üsullara əl atırlar və yaşadıqları ərazidə kustar üsullarla avtomobillərini şarj edirlər. Bu da öz fəsadlarını artıq göstərməkdədir”.
Ekspert diqqətə çatdırdı ki, bir müddət öncə bu məsələ qaldırıldı, hətta “Azərişıq” tərəfindən yaşayış binalarında monitorinq keçirildi. Nəticədə isə bu məsələ narazılıq doğuracaq səviyyədə ortaya çıxdı.
“Vətəndaşlara dəfələrlə deyilsə də, xəbərdarlıq edilsə də əhəmiyyət vermirlər. Bir də görürsən, nəinki aşağı mərtəbələrdən, hətta 10-15-ci mərtəbələrdən uzadıcılar sallanır, kimsə aşağıda maşınını şarj edir. Bu, çox təhlükəlidir. Birincisi avtomobilin konstruksiyasında o cür şarj etmək mexanizmi nəzərdə tutlmayıb. Bu üsul avtomobilin özünə də müəyyən qədər zərər vurur. İkincisi də qısaqapanma, yanğın təhlükəsi kimi problemlər ortaya çıxarır”.
“Hər binada 10 elektromobil varsa, deməli bina artıq təhlükə qarşısındadır”
E.Muradlı vurğuladı ki, vətəndaşlar bəzən elektrikdoldurma stansiyaları tapa bilmirlər. Çünki belə məntəqələrin sayı o qədər də çox deyil. Aidiyyatı qurumlar tərəfindən bu məsələyə bir az səthi yanaşılır.
“Sakinlər arasında maarifləndirmə işləri ciddi şəkildə aparılmalıdır, Bir adam öz maşınını ucuz şəkildə şarj etmək üçün bütöv bir binanın sakinlərini risk altında qoymamalıdır. Hər binada 10 elektromobil varsa, deməli bina artıq təhlükə qarşısındadır. Tikinti şirkətləri bina inşa edərkən dövlət tərəfindən onların üzərinə şərt qoyulmalıdır ki, ərazidə mənzillərin sayına uyğun elektrikdoldurma nöqtələri də qoyulsun. Aidiyyatı qurumlara bununla bağlı səlahiyyət verilməlidir. Bu qaydaları pozanlar cəzalanmalıdır. Qaninvericilkdə bu məsələ öz əksini tapmasa çox çətin olacaq”.
Şəfiqə Şəfa, Bizim.Media