Novruz bayramının gəlişinə sayılı günlər qaldı. Bu il ölkəmizdə əvvəlki illərdən fərqli olaraq Novruz və onbir ayın sultanı hesab olunan Ramazan bayramı eyni anda qeyd olunur.
İndi hər kəs bayram bazarlığına hazırlaşır. Bayramla əlaqədar əksər alıcılar supermarketlərə deyil, bazarlara üz tuturlar. Çünki bazarda olan məhsullar həm keyfiyyətli, həm təzə, həm də qiymətinə görə insanların cibinə münasib olur.
Bayramqabağı qiymətlər necədir, bahalaşma varmı?
Bizim.Media-nın yerli bürosunun əməkdaşı Zaqatalada yerləşən kənd bazarında olub.
Satıcılar yerli meyvələrin 1-1.5 manat, tərəvəzlərin 0.20 qəpiklə-0.40 qəpik arasında dəyişdiyini , ətin 15-17 manat və balıq məhsulların 8-14 manat olduğunu ümumilikdə qiymətlərin ötən illə nisbətdə ciddi dəyişiklik olmadığını bildirirlər.
Satıcılar ötən il baha satdıqları bəzi yerli meyvələri bu il bazara daha ucuz qiymətə çıxardıqlarını da vurğulayıblar. Lakin buna baxmayaraq bu gün üçün bazarda alıcı qıtlığı müşahidə olunur. Zaqatala bazarında qoz, fındıq və şabalıdın da qiymətində artım müşahidə olunub. Belə ki, ötən il fındıq 3-5 manat idisə, bu il 4-10 manat arasında dəyişib. Qoz, badam və şabalıd isə 6-8 manat arasında dəyişir.
Bəzi alıcılar yarmarkanı gəzib əliboş getsə də, alış-veriş edənlərə də rast gəldik. Onların bir neçəsinə yaxınlaşıb bayaqdan satıcıların sadaladığı qiymətlərə münasibətlərini öyrəndik. Alıcıların sözlərinə görə, ötən ilə nisbətdə meyvə-tərəvəzin, ət, balıq və ev quşlarının qiymətində artım müşahidə olunmur. Alıcılar pulun dəyər itirdiyini, əsasən bayram günlərində bazarda qiymlərdə fərq yarandığını diqqətə çatdırırlar.
Sakinlərin sözlərinə görə ümumilikdə orta dörd nəfərlik ailə üçün builki Novruz bayramına 120-150 manatla hazırlıq görmək mümkündür.











Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu