Su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi yerin təkindən istifadənin növləri sırasına daxil edilir.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən “Yerin təki haqqında” qanun layihəsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əks olunub.
Bildirilib ki, ölkəmizdə su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur ki, bu da həmin sututarlarda toplanmış milyonlarla kub metr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək.
Həmçinin ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir. Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.
Həmçinin, layihədə yer təkindən istifadə sahəsində bir sıra qaydaların təsdiq edilməsinin hüquqi əsasının yaradılması yer alıb.
Buraya aiddir:
yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası;
qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar.
Qeyd edilib ki, yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilmişdir.
Təklif olunan dəyişikllik isə yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdə tutur ki, bu da birbaşa danışıqlar yolu ilə verilən istifadəçilərin müəyyən edilməsi sahəsində şəffaflığın yüksəlməsinə, hüquqi müəyyənliyin artmasına xidmət edəcəkdir.
Bundan başqa, yerin təkindən istifadənin növlərindən biri də dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsidir. Təklif olunan dəyişikliyə əsasən bu hüquq müvafiq qaydaya uyğun olaraq veriləcəkdir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media