Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi dəyəri milyonlarla manat olan avadanlıq sifariş verib.
Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, sifarişlə əlillərin reabilitasiyası üçün bir sıra malların satınalınması nəzərdə tutulur.
Sifarişə müxtəlif ölçülərdə ümumilikdə 6 400-dən çox mexaniki təkərli oturacaq, 3 000 ədəddən çox ortopedik döşək və ya döşəkçə, 600 ədəd ortopedik yastıq, 50 ədəd gəzinti üçün təkərli hərəkət vasitəsi (rollator), 300 ədəd ortopedik süd vəzi büsthalteri, 1 590 ədəd süd vəzi protezi və digər zəruri mallar daxildir.
Sifarişin maliyyə dəyərinin həcmi də açıqlanıb. Belə ki, ənənəvi olaraq Mərkəzin budəfəki satınalma müsabiqəsində də ən sərfəli təklifi "ZN Trade" şirkəti verib. Şirkət sözügedən malların alqı-satqısına görə Reabilitasiya Mərkəzinə 16 milyon 524 min manat ödəniş etməsini təklif edib.
Hazırda təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı
gözlənilir.
Bizim.Media