Şərqdə davam edən gərginlik səbəbindən Həcc ziyarətinin təxirə salıb-salınmayacağı hələ də gündəmdədir. Bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) rəsmən bildirildi ki, baş verən hadisələrə görə Həcc ziyarətinin təxirə salınması gözlənilmir. Hətta Həcc ziyarətinə ilk uçuş tarixi də məlum olub: ilk uçuş 17 may tarixində baş tutacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq.
Amma günlərdir bölgədə səngiməyən gərginlik, hava yollarının bağlanması səbəbindən bu ziyarəti gözləyən imanlı vətəndaşları narahat edir: bu il ziyarətin baş tutmayacağından ehtiyat edirlər. Xüsusilə sosial şəbəkələrdə vətəndaşlar belə davam edərsə ziyarətin təxirə salınacağını deyirlər.
Məsələ ilə bağlı təkrar Qafqaz Müsəlmanları İdarəsinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, Həcc ziyarətinin tarixi sabitdir, dəyişmir:
“Bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanı qərar verir. Biz şərh edə bilmərik. Hələ ki qərar qüvvədədir”
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Şəfiqə Şəfa, Bizim.Media