“Ötən il Milli Süni İntellekt Mərkəzinin tabeliyində Milli Süni İntellekt Akademiyası yaratdıq. Akademiyada hazırda 100-ə yaxın tələbə təhsillərini davam etdirir. Bu, 6 aylıq proqramdır. Akademiya yaranan gündən bir neçə ölkənin nüfuzlu universitetləri ilə aktiv əməkdaşlıq edir”.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov parlamentin Aqrar siyasət komitəsində “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.
O bildirib ki, bu layihə davamlı olacaq və tam şəkildə dövlət tərəfindən maliyyələşdirilən layihədir:
“Məqsəd istər dövlət, istərsə də özəl sektorda süni intellekt mütəxəssislərinə olan tələbatın qısa şəkildə ehtiyacı aradan qaldırmaqdır. Bu tipli akademiyalar bütün ölkə səviyyəsində ehtiyacları təmin edə bilməz. Ölkəmizdə texnoloji sahədə təhsil verən universitetlərlə aktiv şəkildə fəaliyyət göstərib, onların tədris proqramlarının dəyişdirilməsinə çalışırıq. Aqrar Universitetlə də əməkdaşlıq edirik. Fəaliyyətlər çoxaldıqca yaxın gələcəkdə süni intellekt sahəsində bilikli, təcrübəsi olan 500 min, 1 milyon insanlardan söhbət aça biləcəyik”.
Günay Şahmar, Bizim.Media