“Süni intellekt strategiyası ümumilikdə dörd prioritet istiqaməti nəzərdə tutur. Birincisi süni intellektin özünün təkmilləşdirilməsi və idarə edilməsi, ikincisi məlumat-data və infrastrukturun təkmilləşdirilməsi, üçüncüsü istedad bazası və insan kapitalının inkişafı və dördüncüsü dövlət idarəetməsi və əlverişli mühitin yaradılmasıdır. Süni intellektin özünün idarə edilməsi ilə bağlı artıq xeyli işlər görülüb”.
Bizim.Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov parlamentin Aqrar siyasət komitəsində “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib
O bildirib ki, müəyyən standartlar əsasında süni intellektin tətbiqi zamanı yarana biləcək risklərin aradan qaldırılmasına dair təxminən 8 standart hazırlanıb:
“Onların 4-ü artıq qəbul olunub. Bu standartlar daha çox süni intellektin etik prinsiplərə riayət edilərək yaradılması və tətbiqi, şəffaflığın qorunması, süni intellekt sistemlərinin qurulması və saxlanması zamanı texnologiyalara qarşı olan yanaşmalar, o cümlədən müasir alqoritmlərin və sistemlərin istifadəsini nəzərdə tutur“.
Nazir müavini bildirib ki, süni intellektin uğurunun 70 faizi insan və bu proseslərin rəqəmsallaşmasına yönəlmiş rəhbərlərin niyyəti, göstərişi və tapşırıqlarıdır.
Günay Şahmar, Bizim.Media