“Astarada olanda portağal və naringilərin sahələrdə qaldığının şahidi oldum. Səbəbini soruşduqda satış üçün yer tapa bilmədiklərini dedilər. Əkilən satılmalıdır. Əkilən satılmasa, onda o fermerin üzü gülə bilməz”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov parlamentin Aqrar siyasət komitəsində “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.
Deputat bəzi tövsiyələrin qanun çəklində qəbul olunmasının zəruriliyini bildirib:
“Lənkəranda dağətəyi torpaqlar istifadəyə verilib. Mənə elə gəlir, qanunverici orqan olaraq bizə elə tövsiyələr verilməlidir ki, biz onu qanun şəklinə salaq və kənd təsərrüfatı ilə bağlı uğurlara nail olaq.
Burada süni intellektlə bağlı deyilənləri qəbul edirəm. Amma süni intellektə qədər olanlar var. Məsələn, subsisdiya ilə bağlı hamı nəsə götürür əkməyə.
Bu gün mənim kənddə 12 sot torpağım var, mən də onu buradan idarə edirəm. Hansı dərmanı nə vaxt verilməsini, verilməməsini və digər məsələləri həll edirəm. Niyə bu il o limonların balaca olduğunu fikirləşirəm.
O qədər ali təhsil ocaqlarımız var. Qoy, gələcəkdə mən Türkiyədə olan həmkarımdan zəng edib soruşmayım ki, bu niyə balaca oldu, hansı dərmandan istifadə etməliyəm və s. Niyə bizimkilər kifayət qədər pulu kənardan gələn bağbana verir? Verməsin. Burda mütəxəssis yetişdir və onu əldə eləsin.
Biz alma ilə bağlı öyünə bilərik. Almanın bu il qiyməti normal qalıb. Amma bu, təkcə tərəvəz və meyvə olmasın. O, qida olsun, çörək qədər aktual olsun”.
Milli Məclisin üzvü, həmçinin, Lənkəranda çayçılqla bağlı ictimai dinləmənin keçirilməsi təklif edilib.
Günay Şahmar, Bizim.Media