Bacısını ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən Məhəmməd İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müşavirədən sonra elan edilən hökmlə M.İsmayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hadisə 2024-cü ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.
İttiham aktına görə, Məhəmməd İsmayılov ondan xəbərsiz gözəllik salonuna getdiyi üçün bacısına beş bıçaq zərbəsi vurub. Xəstəxanaya vaxtında çatdırılan xanımın həyatını xilas etmək mümkün olub.
Məhəmməd İsmayılov isə şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi başlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media