Bu gün Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi general-polkovnik Bəylər Eyyubovun doğum günüdür.
Bizim.Media xəbər verir ki, general-polkovnik 75 illik yubileyini qeyd edir.
Xatırladaq ki, 10 mart 1951-ci il tarixdə Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olan B.Eyyubov SSRİ dövründə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
O, 20 sentyabr 1993-cü ildə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi rəisinin müavini, 2 iyun 2003-cü ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
16 mart 2020-ci ildə isə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib və onun əsasında yaradılan orqanlardan biri də Prezidentin Təhlükəsizlik Xidməti olub. Bəylər Eyyubov bu qurumun rəisi təyin edilib. O, 2025-ci ilədək quruma rəhbərlik edib.
2025-ci ilin iyununda isə Bəylər Eyyubov Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi təyin edilib.
Bəylər Eyyubov Azərbaycanın təhlükəsizlik və milli müdafiə sahəsində ən nüfuzlu şəxsiyyətlərindən biri kimi tanınır. Onun rəhbərliyi altında ölkənin təhlükəsizlik xidməti milli maraqların qorunması və dövlətin sabitliyinin təmin edilməsi istiqamətində mühüm uğurlar əldə edib.
Bəylər Eyyubovun peşəkar, uğurlu fəaliyyəti həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev tərəfindən qiymətləndirilib.
Müvafiq fərman və sərəncamlarla Bəylər Eyyubova 1995-ci ildə general-mayor, 2005-ci ildə general-leytenant, 2013-cü ildə isə general-polkovnik ali hərbi rütbələri verilib. O, “Azərbaycan Bayrağı”, “Şərəf”, 1-ci, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.
Bizim.Media kollektivi olaraq biz də Bəylər Eyyubovu yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və fəaliyyətində uğurlar arzulayırıq.
Bizim.Media