Xəbər verdiyimiz kimi, martın 3-də millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı boşanmaların artmasından danışıb. Statistik göstəricilərə diqqət çəkən deputat vurğulayıb ki, bir çox hallarda qadınlar tərəfindən məqsədli şəkildə ailə qurduqdan bir neçə müddət keçdikdən, bir övlad dünyaya gəldikdən sonra aliment almaq məqsədilə süni şəkildə boşanma tələbi irəli sürülür.
ReAL Partiyasının keçmiş sədri İlqar Məmmədov sosial şəbəkə hesabında Fazil Mustafanın fikirlərini tənqid edib. O, deputatın rəsmi statistikanı düzgün təqdim etmədiyini bildirib:
“Rəqəm draması uydurmaq Fazil Mustafanın nəyinə gərək idi? Heç. Ailə quran qadınların məqsədi haqqında qalmaqallı fikrinin guya rəqəmə söykəndiyini göstərmək istəyib. Eyni çıxışda deyib ki, qadınlar aliment almaqdan ötrü ailə qurub tezliklə boşanır”.
İlqar Məmmədov millət vəkilinin gündəmdə qalmaq üçün bu cür çıxış etdiyini qeyd edib. Fazil Mustafa isə sosial şəbəkə hesabında İlqar Məmmədovun fikirlərinə belə cavab verib:
“İlqar Məmmədov çıxışımıza mədəni tənqid üslubunda cavab versəydi, "Eyvallah!" deyib üzərindən sakitcə keçərdik və hətta bəzi tənqidlərindən faydalanardıq. Ən azı siyasi partiyalar arasında, partiya rəhbərləri arasında münasibətlərin normal səviyyədə qorunmasına cəhd etməklə bu etik çərçivəni aşmamaq mümkün idi. Ancaq nədənsə bu şəxs açıq şəkildə ədəbsiz üslub seçərək “bizim statistikanı anlamadığımızı”, “qadınları şərlədiyimizi”, “ağılsız fikir ortaya atdığımızı” iddia edərək təhqiramiz ittihamlar irəli sürüb.
Öncə inanmadım, çünki bizim çıxışımız ailə institutunun pozulmasında rolu olan, bəzi yüngül əxlaqlı və sərbəst həyat arzulayan, yüksək maaşdan yüksək aliment və mülkiyyətdən pay qoparmaq niyyəti ilə boşanmağa çalışan qadınlarla əlaqəli idi.
Lakin və sanki həmin kateqoriyaya aid olan şəxslərdən biri kimi məhz İlqar Məmmədovun cavab verməsi bəzi məqamları xatırlarkən təəccübümə səbəb olmadı.
Çünki illər öncə həmin yuxarıda adı keçən İlqar Məmmədov bütövlükdə parlamenti tərbiyəsizcəsinə heyvanxanaya bənzətmişdi və ardınca da gizli öhdəliklər, habelə Avropa məhkəməsinin qətnaməsi ilə ödənilən külli miqdarda vəsait nəticəsində təcili və müəmmalı şəkildə həbsxanadan azad olunan kimi özünün heyvanxana dediyi müəssissəyə düşmək üçün əlahiddə canfəşanlıq etmişdi. Nəticədə arzuladığının əksinə parlamentdə deyil, siyasətin təcrid olunmuş heyvanxanasında irreal bir baxıcı olaraq qalmağa razılaşmış oldu”.


Bizim.Media