Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədi sakini, 17 yaşlı Kamil Bağırlının anasının qətlinə kömək etməkdə təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, faciə 6 dekabr 2024-cü ildə baş verib. Həmin gün evdə 42 yaşlı Afət Əskərovanın meyiti aşkar edilib.
İstintaq tədbirləri nəticəsində onun kürəkəni və əmisi oğlu — 30 yaşlı Loğman Nəsibov, eləcə də qadının oğlu Kamil Bağırlı saxlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Nəsibova xüsusi amansızlıqla qətl törətmək maddəsi ilə ittiham irəli sürülüb, Bağırlının işi isə ayrıca icraata ayrılıb.
İstintaq müəyyən edib ki, Kamil anasının boşandıqdan sonra yenidən vətəndaş nikahında yaşamasından narazı olduğu üçün onun ölümünü istəyib.
Loğman Nəsibov qətli törətməyə razılaşaraq bunu münasib vaxtda edəcəyini bildirib. Hadisə günü Kamil Nəsibova mesaj yazaraq evdə yalnız özü və anasının olduğunu xəbər verib. Nəsibovun göstərişi ilə o, evdən çıxıb. Bundan sonra Nəsibov evə daxil olaraq qapını bağlayıb və qadına ölümcül xəsarətlər yetirib.
Məhkəmədə Bağırlı özünü təqsirli bilmədiyini deyib və ifadə verməkdən imtina edib.
Zərərçəkmiş tərəfin hüquqi varisi bildirib ki, qətl baş verən gün nənəsinin evində olub. Onun sözlərinə görə, hadisə barədə axşam saatlarında zəng vasitəsilə məlumat alıb və anasının öldürüldüyünü həmin vaxt öyrənib.
O qeyd edib ki, ailədə iki bacı və iki qardaş olublar, valideynlər boşanmışdı, anası isə ikinci evlilikdən sonra yenidən tək qalmışdı. Onun sözlərinə görə, Kamilin anası ilə münasibətləri yaxşı olub və onunla bağlı heç bir şikayəti yoxdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha yüngül cəza təyin olunmasını nəzərdə tutan 62-ci maddəsi tətbiq olunaraq, Kamil Bağırlı 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media