Bu günlərdə Milli Məclisin plenar iclasında vitse-spiker Rafael Hüseynov təklif edib ki, Milli Məclisin adı dəyişdirilməli, Türkiyədə olduğu kimi, Milli Məclis yox, Millət Məclisi olmalıdır.
Ümumiyyətlə dildə oturuşmuş sözləri dəyişməyə gərək varmı? Bu, ictimaiyyət arasında qəbul olunacaqmı?
Məsələ ilə əlaqədar akademik Nizami Cəfərov Bizim.Media-ya bildirib ki, “milli” sözü Azərbaycan dili üçün səciyyəvidir.
“Türkiyə türkcəsi ilə bizim türkcəmiz bu baxımdan fərqli mövqedədir. Dildə belə səciyyələnmə olur, bu yalnız “milli-millət” sözləri ilə bağlı deyil. Artıq bizim dilimizin xarakteri bu şəkildədir və bunu qorumalıyıq. Vaxtilə Osmanlı dövrünün axırlarına yaxın eynilə bizdəki kimi “milli” sözləri işlədilirdi, sonralar “millət”lə əvəzləndi. Yəni türkcələrimiz arasında belə paralellik olub, sonra bölünmə gedəndə bir qrup sözlərdə fərqli modellənmə gedib”.
N.Cəfərov vurğulayıb ki, bu sintaksisdir, yəni bir halda özünü doğruldur, başqa halda yox, nə cür normativləşibsə o cür də davam etməlidir.
“Əgər biz “Milli Məclis” ifadəsini dəyişsək, onda çox şeyləri dəyişməli olacağıq. Bəzi dəyişiliklər isə çox gülünc çıxacaq. Məsələn “milli kitabxana”, “milli şüur” deyirik, bundan sonra “millət kitabxanası”, “millət şüuru” desək, düz çıxmaz. Bizdə artıq bu, paradiqma yaradıb. Bunu təzədən dəyişib Türkiyə türkcəsində olduğu kimi işlətsək, qəbul olunmaz”.
Akademik deyib ki, bəzən buna qarşılıq kimi “millət vəkili” sözünü misal gətirirlər. Amma onu da unutmaq olmaz ki, biz bu ifadəni Türkiyədən götürmüşük, daha doğrusu yamsıladıq.
“Millət vəkili” ifadəsi arada işlənən, qeyri-rəsmi bir ifadədir. Bizdə rəsmən “Milli Məclisin deputatı” kimi qəbul olunur. Yəni düzgün qarşılaşdırma deyil. Kimsə hansısa sözü dəyişmək fikrinə düşəcəksə, başqaları da ondan on qat artıq dəyişməmək fikrinə düşəcək. Ona görə də bu söhbəti ümumiyyətlə yığışdırmaq lazımdır”.
Şəfiqə Şəfa, Bizim.Media