İnstagram sosial şəbəkəsində əxlaqsız görüntülər yayan cütlük məsuliyyətə cəlb olunub.
Bizim.Media xəbər verir ki, 38 yaşlı C. Hüseynova və 32 yaşlı əri sosial şəbəkədə etdikləri paylaşıma görə saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub.
C. Hüseynova bildirib ki, həmin hesabı 2016-cı ildən işlədir. Onun əri ilə istifadə etdiyi sosial şəbəkə hesabında əxlaqsız videolar paylaşması barədə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə məlumat daxil olub. Cütlüyün 62700 izləyicisi olan profilinə baxış zamanı doğrudan da əxlaqsız paylaşımlar edildiyi ortaya çıxıb.
Məlum olub ki, qadın videolarda bədən üzvlərini əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd olaraq görüntüləyib, həmçinin qeyri-etik jestlər edib.
Barəsində inzibati xəta haqqında icraat aparılan ər isə deyib ki, səhifəni arvadı işlədir. Fevralın əvvəlində hovuzda arvadı ilə qucaqlaşıb və bu görüntüləri qadın onun razılığı əsasında sosial şəbəkə hesablarında paylaşıb. Onun sözlərinə görə, bu görüntülərin əxlaq normalarına zidd olduğunu düşünməyib.
Məhkəmənin qərarı ilə C. Hüseynova 1000 manat cərimələnib, əri isə 10 gün müddətinə həbs edilib. (Lent.az)
Bizim.Media