Rusiyanın bir neçə bölgəsində təhlükəli heyvan xəstəliyi olan pasterellyoz qeydə alınıb. Bu səbəbdən bəzi ölkələr, o cümlədən Qazaxıstan Rusiyadan ət və heyvan idxalını dayandırıb. Bu qadağa tranzit daşımalara da aiddir.
Bu xəstəlik təkcə heyvanlar üçün deyil, həm də insanlar üçün təhlükəlidir.
Belə ki, pasterellyoz (hemorragik septisemiya) heyvanlara, quşlara və insanlara təsir edən kəskin zoonotik bakterial infeksiyadır. Xəstəlik qızdırma, sepsis, dəri zədələnmələri, tənəffüs yollarının infeksiyaları və oynaq infeksiyaları ilə xarakterizə olunur və yoluxmuş heyvanlarla təmas, su və qida yolu ilə ötürülür.
Nəzərə alaq ki, Azərbaycan da bir sıra ölkələrlə yanaşı Rusiyadan diri heyvan və ət idxal edir.
Elə isə pasterellyoz xəstəliyinin yayılmasından sonra Rusiyadan heyvan və ət idxalına qadağa qoyulubmu?
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-ya bildirildi ki, məsələ araşdırılıb, ətraflı məlumat veriləcək.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media