Şamaxıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Şamaxı rayon prokurorluğu məlumat yayıb.
Məlumata görə, fevralın 26-da Şamaxı rayonu ərazisində 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, fevralın 26-da gecə saatlarında Şamaxıda yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu, 2009-cu il təvəllüdlü Murad Babayev saxlanılıb.
Bizim.Media