Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində və xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndəliklərində silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib. Anım mərasimlərində bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra faciənin əsl hüquqi qiymətini alması ilə bağlı milli səviyyədə addımlar atılıb. Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib.
Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü fəaliyyətləri xüsusi vurğulanıb.
Silsilə tədbirlər çərçivəsində saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələr ziyarət olunub, ictimai-siyasi hazırlıq dərslərində mövzuya dair mühazirələr oxunub, fotosərgilər, ədəbi-bədii kompozisiyalar və filmlər nümayiş etdirilib.











Bizim.Media