Kredit borcuna görə “Bank of Baku” tərəfindən məhkəməyə verilən və dəm qazından həyatını itirən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsi məhkəməni udub.
MÖVZU İLƏ BAĞLI:
Qazinin 3100 manatlıq borcunu silməyən “Bank of Baku” məhkəmə iclaslarına GƏLMİR
Bu barədə Bizim.Media-ya qazinin anası Sevinc Məmmədova məlumat verib.
“İndiyədək 6 dəfə məhkəmə olub. İlk 2 məhkəməyə gəlsələr də, son son 4 məhkəmədə isə “Bank of Baku”dan heç kəs iştirak etmədi. Ən son mənə məhkəmədən məktub gəldi və borcun silindiyi qeyd edildi. Bundan sonra isə bankdan artıq heç bir zəng gəlməyib”, - deyə o bildirib.
Qeyd edək ki, “Bank of Baku” üç il öncə dəm qazından boğularaq dünyasını dəyişən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsini kredit borcuna görə məhkəməyə verib. Ötən ilin sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində məsələyə baxılıb. Onun banka 3 100 manat borcu olub və ailəsi bundan Səbuhinin vəfatından 1 ay sonra xəbər tutub.
Problem işıqlandırıldıqdan sonra bankın bu addımı qınaq obyektinə çevrilib, sosial şəbəkələrdə tənqid edilib.
Naibə Məmmədova, Bizim.Media