Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Kərim Gülgünovun (ad-soyad şərtidir - red.) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən protest üzrə proses başa çatıb.
Bizim.Media xəbər verir ki, sonuncu iclasda elan olunan qərara əsasən, apellyasiya protesti təmin edilib, Yasamal Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə ilkin instansiya məhkəməsi tərəfindən 2 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Apellyasiya instansiyasında "Konstitusiya və Suverenlik İli" münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndinin tətbiqi ilə onun cəza müddəti 2 il 2 ay 25 günə endirilib.
İttihama görə, Kərim Gülgünov tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib. O, özünü zərərçəkmiş Xəlil Nəbiyevin (adı, soyadı şərtidir - red.) həyat yoldaşını Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən orta məktəblərin birinə "Azərbaycan dili və ədəbiyyat" müəllimi vəzifəsinə işə düzəltməyə köməklik etmək səlahiyyətinə malik mötəbər tanışları olan şəxs kimi təqdim edib. Müttəhim həqiqətə uyğun olmayan vədlər verərək zərərçəkmişin etibarını qazanıb və özünə inandırıb.
Beləliklə Kərim Gülgünov 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində zərərçəkmişdən 8 min manat məbləğində pul vəsaitini alıb. Lakin verdiyi vədə əməl etməyib və öhdəliyini yerinə yetirməyib. (Pravda.az)
Bizim.Media