Lənkəran rayonunda qadına qarşı xuliqanlıq hərəkətləri etmiş şəxs inzibati məsuliyyətə cəlb olunub.
Bizim.Media "Qafqazinfo.az"a istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun kəndlərindən birində qeydə alınıb.
Polisə müraciət edən qadın avtomobilinin təqib olunduğunu və tanımadığı şəxsin onun evinə kimi gələrək xuliqanlıq hərəkətləri etdiyini bildirib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü F.Abışov (şərti - red.) saxlanılıb. Məlum olub ki, o, həmin gecə Lənkəranda sahil ərazidə yerləşən obyektlərin birində ad günü məclisində iştirak edib və gecə saat 04 radələrində Xəyal adlı tanışına məxsus "Hyundai Grandeur" markalı avtomobillə oranı tərk edib.
F.Abışov maşınla Şilavar kəndindən keçərkən işıqforda dayanan avtomobili xanım sürücünün idarə etdiyini görüb. Psixotrop maddənin təsiri altında olan şəxs qadının avtomobilini təqib etməyə, işıq siqnalı verərək onu dayandırmağa çalışıb.
Qorxu keçirən sürücü maşını yaşadığı evədək sürüb və pəncərələrini bağlayaraq nəqliyyat vasitəsindən enməyib. Bu zaman onun əri və digər şəxslər küçəyə çıxıblar və tərəflər arasında insident baş verib.
Polis tərəfindən saxlanılan F.Abışov şöbəyə aparılıb və barəsində inzibati protokol tərtib edilib. O, ifadəsində bildirib ki, qadına yaxınlaşmaqda məqsədi sataşmaq deyil, yol soruşmaq olub.
Lənkəran Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 1 aylıq həbs edilib.
Bizim.Media