Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci böyük sənaye parkıdır.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov mətbuat konfransda məlumat verib.
Onun sözlərinə görə indiyədək Ağdam Sənaye Parkında 32 biznes subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 145,8 milyon manat investisiya yatırılıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb. İşə qəbul zamanı Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir ki, bu da bölgədə məşğulluğun artmasına töhfə verir. Hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, ixrac edilir. Sənaye parkında sahibkarlar tərəfindən 1,4 milyard manatlıq məhsul satışı həyata keçirilmişdir ki, bunun 62,3 milyon manatlıq hissəsi ixrac olmuşdur.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 19 rezidenti və 3 qeyri-rezidenti var. İndiyədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 43,8 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın iş yeri yaradılıb. Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycanın sənaye parkları üzrə satış həcmi 2024-cü ildə 1 milyard manat təşkil etmişdirsə, 2025-ci ildə bu göstərici 1 milyard 393 milyon manata yüksəlmişdir. Eyni zamanda, ixrac göstəricilərində də ciddi artım müşahidə olunmuşdur. Belə ki, 2024-cü ildə 20 milyon manat olan ixrac həcmi 2025-ci ildə 62,3 milyon manata çatmışdır.
Bu rəqəmlər ölkəmizdə sənayeləşmə prosesinin artıq real və konkret nəticələr verdiyini, inkişafın yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqləyir.
Əminliklə bildiririk ki, cari ildə və növbəti dövrlərdə sənaye parklarının potensialının daha da gücləndirilməsi, yeni investisiya layihələrinin təşviqi və dayanıqlı iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.
Şəfiqə Şəfa, Bizim.Media