Autizm müasir dövrdə çox rast gəlinən və valideynlərin kabusuna çevrilmiş bir səssiz xəstəlikdir.
Çünki özünü dərhal büruzə vermir. Düzdür, onu xəstəlikdən çox fərqindəlik kimi təsnifatlandıranlar da az deyil, amma istənilən halda ciddi və uzun müddətli müalicə tələb edən bir prosesdir. Nəticə isə ən yaxşı halda 90 faiz alınır.
Burda maraqlı bir məqam var: araşdırmalar göstərir ki, autizm diaqnozu oğlan uşaqlarında qızlara nisbətən daha tez-tez qoyulur. Statistik məlumatlara görə, autizm oğlanlarda qızlara nisbətən təxminən 3-4 dəfə daha çox rast gəlinir. Bu fərq uzun illər alimlərin diqqət mərkəzində olub və müxtəlif elmi izahlar irəli sürülüb.
Bəs bu fərqin səbəbi nədir?
Uşaq psixiatrı Dəyanət Vəliyevin Bizim.Media-ya açıqlamasına görə, bu fərqə təkcə bioloji deyil, həm də psixoloji baxımdan yanaşmaq lazımdır.
Məsələ burasındadır ki, autizmlə əlaqəli bir çox gen X xromosomu ilə bağlıdır:
“Oğlanlarda bir X xromosomu var (XY), qızlarda isə iki X (XX). Qızlarda ikinci X müəyyən qədər qoruyucu təsir göstərir. Başqa fərziyyəyə görə ananın hamiləlik dövründə yüksək testosteron səviyyəsindən qaynaqlanmasıdır. Oğlanlarda onsuz da bu hormon səviyyəsi təbii olaraq yüksəkdir. Bir az da anadan keçməklə hiperyüksəklik autizm riskini artıra bilər”.
Həkim bildirir ki, qızlarda həm də autizm əlamətləri çox vaxt daha yüngül formada özünü göstərir.
“Bunun bir səbəbi də qızların mühitə tez adaptasiya olmasıdır. Onlar hər şeylə maraqlanan xarakterdə olduğu üçün özlərini təcrid etmirlər. Başqalarının, xüsusən də xoşlarına gələn böyüklərin davranışlarını təqlid etməyə daha meylli olurlar. Bir növ, maskalanma qabiliyyətləri var. Buna görə də çox vaxt qız uşağına ya gec diaqnoz qoyulur ya da ümumiyyətlə diaqnoz qoyulmur”.
Qeyd edək ki, autizm ilk dəfə 1943-cü ildə aşkarlanıb, xəstəlik siyahısına salınıb. Sonrakı illərdə özünəqapalı, göz təması qurmayan, adı çəkiləndə eşitməyən bu uşaqların əslində çox zəkalı, istedadlı olduğu üzə çıxır. Hətta gələcək dahilərin məhz autizm keçmişinin olduğunu iddia edənlər də var.
Autizmin digər növündə isə hiperaktiv, yerində dayana bilməyən, çoxhərəkətli, təkrarçılıq, hadisələrə fərqli reaksiya müşahidələri var. Başqa sözlə, autizm spektr effektlidir, yəni müxtəlif dərəcələri, halları mövcuddur.
Şəfiqə Şəfa, Bizim.Media