Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Xalid Kərimov Türkiyədən videokonfrans vasitəsilə iclasa qoşulub.
Təqsirləndirilən şəxs Aybəniz Xəlilova Xalid Kərimova işin hansı səbəbdən Suraxanı Polis İdarəsində aparılması ilə bağlı sual verib.
Xalid Kərimov bildirib ki, o, buna görə prokuror müavini ilə öncədən müəyyən danışıqlar aparıbmış:
"Mən də ona görə 500 manatı Bənizin kartına atdım ki, iş Suraxanıya düşsün. Bütün bunları planlaşdırmışdıq öncədən".
Aybəniz Xəlilova deyib ki, uşağının taleyi onun barəsində veriləcək qərardan asılıdır. Ona görə də məhkəmə iclasının vaxtının tezləşdirilməsini xahiş edib. Məhkəmənin növbəti iclası martın 10-na təyin edilib.
Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.
Hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
Bizim.Media