Qaz İxrac İdarəsi tərəfindən rayonun Cəfərabad kəndi ərazisindəki QPS-də ölçü kameralarının baypas xətləri üzərinə əlavə kran və flansların quraşdırılması nəzərdə tutulur.
Bizim.Media-nın yerli bürosu Zaqatala Regional Qaz İstismar İdarəsinə istinadən bildirir ki, bu gün saat 11:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bildirilib ki, dayandırılma Şəki şəhəri və 32 kəndi əhatə edəcək, ümumilikdə 32 525 əhali və 546 qeyri-əhali abonentinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.
Bundan əlavə, Şəkinin Ə.Əliyev küçəsində – “Kaskad” MMC-nin qarşısından keçən diametri 76 mm və 57 mm olan qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar fevralın 18-də saat 10:00-dan etibarən F.Əbdürəhmanov və B.Vahabzadə küçələrində 442 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu