Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektin imkanlarından istifadə olunacaq.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib.
Onun sözlərinə görə, süni intellektin tətbiqi üçün texnoloji inkişaf olmalıdır:
"Texnoloji yeniliklər, toplanmış məlumatlar, inteqrasiya kifayət qədər olmalıdır. Qlobal səviyyəyə çıxmaq üçün əvvəlcə yerli səviyyədə işləri düzgün qurmaq lazımdır. Bu baxımdan, məsələn, sosial sahələrdə vətəndaşlara xüsusi dəstək göstərməklə onların həssas ehtiyaclarını qarşılayan xidmətlər təşkil edə bilərik".
O.Salahov bildirib ki, vətəndaşların ən çox müraciət etdiyi sahələr çağrı mərkəzləri, əlilliyin qiymətləndirilməsidir:
"Təəssüf ki, cüzi də olsa əlilliyin qiymətləndirilməsində saxtakarlıqlara yol verilməsinə cəhd olunur. Əlilliyin qiymətləndirilməsi üçün gələcəkdə süni intellekt imkanlarından istifadə hədəf kimi qoyulub. Burada məqsəd həkimlərin işinə mane olmamaq, sadəcə, işlərin daha da sürətləndirilməsidir".
Bəs əlillik təyinatında süni intellektin tətbiqi hansı effekti verəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-radioloq Aydın Əliyev etiraf edib ki, süni intelekt bütün sahələrlə yanaşı tibbə də sürətlə nüfuz edir:
“Hadisələrin inkişafı göstərir ki, yaxın illərdə süni intelekt tibb sahəsində müəyyən sahələrdə tətbiq ediləcək. Hətta həkimlərin müəyyən funksiyalarını da icra edəcək. Amma həkimlərə hər zaman ehtiyac olacaq. Süni intelekt nə qədər inkişaf etsə də, 100 faiz həkimləri əvəz edə bilməz.
O ki, qaldı əlilliyin müəyyən edilməsində süni intelektdən istifadəyə...
Hesab edirəm ki, niyyət sağlam olmalıdır. Hansısa həkim subyektivlik edə bilər. Amma kim təminat verir ki, əlilliyin müəyyən edilməsiə süni intelekti idarə edən şəxs 100 faiz obyektiv olacaq?! Məncə, bu məsələdə təkcə həkimləri günahlandırmaq tam doğru olmaz. Elə bir mühit yaradılmalıdır ki, həkim kiminsə əlinə baxmasın, dolanışığını halal əməyi ilə təmin etsin”.
Surxay Atakişiyev, Bizim.Media