İstifadəçilər arasında getdikcə populyarlaşan Telegram messenceri 235.282 qrup və kanalı silib. Fevralın əvvəlindən isə 1.856.069 qrup və kanalı bloklayıb. İlin əvvəlindən bəri ümumi say 7.256.305-ə çatıb ki, bunlardan 27.282 icmanın terrorizmlə əlaqəli olduğu aşkarlanıb.
Telegram-dan bildirilir ki, bu tip əməliyyatlar platformanın təhlükəsizliyini və qaydalara uyğunluğunu təmin etmək üçün həyata keçirilir. Fırıldaqçılıq və saxta reklamlar, zorakı, nifrətə çağırış, yanlış informasiya və qeyri-qanuni məzmunlar və istifadəçi şikayəti olduqda avtomatik olaraq “təmizlənmə” prosesi gedir. Həm də bu proses indi Süni İntellekt vasitəsilə aparılır. Bu sistem gündə yüz minlərlə qrup və kanalı avtomatik olaraq pozuntu şübhəsi ilə aşkarlayıb bloklaya bilir.
Bəs niyə ən ədəbsiz kanallar məhz Telegram vasitəsilə yayılır?
İT mütəxəssisləri bildirirlər ki, əslində bunu bütün kanallarda etmək mümkündür. Amma Teleqramda paylanılmasının ən əsas səbəbi böyük ölçülü materialları dəstəkləməsidir. Bundan başqa kanallarda anonim adminlik mümkündür, birbaşa açıq linklərlə sürətli paylaşım olur. Bu isə ədəbsiz və ya qaydaları pozan məzmunun sürətlə yayılmasını asanlaşdırır. Yəni kimin əli kimin cibindədir bəlli deyil.
Digər kanallar öncədən senzura edir. Teleqram isə oturub gözləyir ki, istifadəçilər yığışıb şikayət etsin, sonra silim ya əngəlləyim. Başqa sözlə 18+ mövzular şikayət olunmadığı halda Teleqaram üçün problem deyil.
Digər tərəfdən də bir kanal bağlanır, digəri açılır. Çünki admin eyni məzmunu başqa adla yenidən açır, linklər gizli şəkildə yayılır. Bu cür alt sistemləri müəyyənləşdirmək mümkün olmadığından Teleqramın özü də yaratdığı bu “bədheybətin” əlində aciz qalıb.
Qeyd edək ki, Telegram 2013-cü ildə VKontakte sosial şəbəkəsinin qurucusu Pavel Durov tərəfindən yaradılıb. Messencerin aylıq aktiv istifadəçilərinin sayı 1 milyardı keçib.
Şəfiqə Şəfa, Bizim.Media