Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Preambula və 33 maddədən ibarət olan Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiyası" 25 mart 2015-ci il tarixində Santiago-de-Kompostela şəhərində imzalanıb.
Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, bu sahədə müəyyən əməllərin kriminallaşdırılmasının təmin edilməsi, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Konvensiya transplantasiya məqsədləri və digər məqsədlər üçün insan orqanlarının alverinə, həmçinin qanunsuz götürülmə və qanunsuz implantasiya formalarına tətbiq edilir.
Konvensiyada insan orqanlarının qanunsuz götürülməsi və bu cür orqanlardan istifadənin qarşısının alınması, donor ve resipientin qanunsuz axtarışı və cəlb edilməsi, qanunsuz üstünlüklərin təklif və ya tələb edilməsi, habelə qanunsuz götürülmüş orqanların hazırlanması, saxlanması, daşınması, ötürülməsi, qəbulu, idxalı və ixracı kimi əməllərlə bağlı cinayət məsuliyyətinin müəyyən edilməsi nəzərdə tutulur. Eyni zamanda bu cinayətlərin törədilməsinə köməkçilik, təhrikçilik və cəhd halları da əhatə olunur.
Konvensiyada cinayətlərin istintaqı və təqibi, qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələləri, habelə beynəlxalq əməkdaşlığın təmin edilməsi ilə bağlı müddəalar təsbit edilmişdir. Sənəddə, həmçinin cinayət nəticəsində əldə edilmiş gəlirlərin müsadirəsi, zərərçəkmiş şəxslərin hüquqlarının qorunması, onların fiziki, psixoloji və sosial bərpasına yardım göstərilməsi, eləcə də şahidlərin müdafiəsinin təmin olunması ilə bağlı müddəalar əks olunub.
Konvensiyanın nəzarət mexanizmi çərçivəsində Konvensiyanın icrasına nəzarət və tətbiqi təcrübəsinin mübadiləsi məqsədilə Tərəflər Komitəsi yaradılır. Bu komitə Konvensiyanı ratifikasiya etmiş dövlətlərin nümayəndələrindən ibarət olur və onun vəzifələrinə Konvensiyanın tətbiqinə nəzarət etmək, tətbiq prosedurlarını müəyyənləşdirmək və fəaliyyət qaydalarını təsdiq etmək daxildir.
Azərbaycan Respublikası Konvensiya ilə bağlı bəyan etmişdir ki, Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər normallaşana qədər Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir.
Günay Şahmar, Bizim.Media