Novruz bayramının ayrılmaz tərkib hissəsi olan ilaxır çərşənbələr nəhəng bir mərasim kompleksini təşkil edir. Bu çərşənbələr mahiyyət etibarilə yalançı və doğruçu olmaqla iki qütbə ayrılır ki, bu da dialektika qanunları ilə tam səsləşir. Həyatın inkişafı ziddiyyətlərin və ikiliklərin (aşağı-yuxarı, ağ-qara, gecə-gündüz, yalan-doğru) vəhdəti üzərində qurulub. Əgər Novruz xalqın dünyaya, təbiətə fəlsəfi-mifik baxışını ritual olaraq əks etdirirsə, çərşənbələrin də bu cür ikiləşməsi həyatın dualist qanunlarını simvolizə edir.
Bizim.Media xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində filologiya elmləri doktoru, dosent Şakir Albalıyev bildirib. Alim qeyd edib ki, son dövrlərdə elmi-texniki tərəqqinin sürətli inkişafı, dünyada baş verən mənəvi və real aşınmalar həyatımıza ciddi təsir göstərib. Xüsusilə ədalətsiz müharibələr, insanların öz yurdundan didərgin düşməsi kimi sosial faciələr bayramların əvvəlki coşqu ilə qeyd edilməsinə mane olub. Bu amillər əsrlər boyu formalaşmış bəzi adətlərin unudulmasına və ya fərqli formada təzahürünə gətirib çıxarıb.
Müsahibin sözlərinə görə, artıq “yalançı çərşənbə” anlayışı unudulmaq üzrədir: “Folklorşünaslar əvvəllər üç yalançı və dörd doğruçu çərşənbənin olduğunu qeyd ediblər. Folklorun ən yaxşı qorunduğu bölgələrdən olan Qarabağda 1993-cü ilə - məcburi köçkünlük faciəsinə qədər dörd ilaxır çərşənbədən əvvəl bir yalançı çərşənbənin keçirildiyini yaxşı xatırlayıram”.
Şakir Albalıyev əlavə edib ki, bu çərşənbədə adına uyğun olaraq, rəmzi (yalançı) bir ocaq qalanardı. Qonşular ocaq başına yığışaraq deyib-gülər, növbəti əsl çərşənbələr üçün özlərində nikbin əhvali-ruhiyyə yaradardılar. Bu mərasim əslində doğruçu çərşənbələrə bir növ hazırlıq işarəsi idi. Xalq arasındakı “Hayın elə yalanına yüyürərlər" deyiminə uyğun olaraq, camaat yalandan da olsa, bir coşqu yaradır, özünü mənəvi-psixoloji baxımdan böyük bayrama hazırlayırdı.
Bizim.Media