Ötən il İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.
Nəticədə 3121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.
İl ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olun-ması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
Məlumdur ki, 2007-ci ildən sonra bələdiyyə torpaqları ancaq hərrac yolu ilə satılır.
Belə olan təqdirdə bələdiyyələr 21 ha torpaq sahəsini qanunsuz yolla necə satıb?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Arzuxan Əlizadə deyib ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” Milli Məclisə təqdim olunub:

“Məruzədən bəlli olur ki, Ədliyyə Nazirliyinin müvafiq orqanı tərəfindən mütəmadi verilən tövsiyələrə baxmayaraq bir sıra bələdiyyələr qanunvericiliyin tələblərini pozaraq torpaqları icarəyə verib və hətta satıblar.
Qanun pozuntuları əvvəlki illərə nisbətdə azalsa da, xoşagəlməz faktlar hələ də qalır. Belə ki, qanunsuz şəkildə satılan 21 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsi və 3121 ha torpaq sahəsinin icarə müqaviləsi məhkəmə qaydasında ləğv edilib. Əlbəttə ki, bəzi bələdiyyələrin bu cür qanunsuz əməlləri təəccüb və təəssüf doğurur. Hər kəs bilir ki, 2007-ci ildən bu yana bələdiyyələrin müstəqil şəkildə torpaq satmaq və icarəyə vermək səlahiyyəti yoxdur.
Bütün alqı-satqı və icarə prosesləri müvafiq dövlət qurumlarının iştirakı ilə keçirilir. Bununla belə bəzi bələdiyyələr bunu bilə-bilə qanunsuzluğa gedirlər. Təbii ki, onların qanunsuz əməlləri vaxtında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfində aşkar edilir və qanunvericiliyə uyğun olaraq tədbirlər görülür”.
Surxay Atakişiyev, Bizim.Media