Daşkəsən rayonunda 1991-ci il təvəllüdlü Aqil həyat yoldaşı Sevilə (adlar şərtidir – red.) xəsarət yetirib.
Bizim.Media “Demokrat.az”a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Aqil birgə yaşadıqları evin həyətində həyat yoldaşı Sevil ilə mübahisə edib.
Mübahisə zamanı Sevilin ağız nahiyyəsindən, həmçinin bədəninin müxtəlif nahiyyələrindən yumruqla vurub. Nəticədə ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Aqilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Aqil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailəsi ilə birlikdə Daşkəsən rayonunun kəndində yaşayır:
“Sevil ilə 14 ildir ki, ailə həyatı qurmuşam. Birgə nigahımızdan üç uşağımız anadan olub. Həyat yoldaşım evdar xanımdır. Hadisə baş verməzdən təqribən bir həftə əvvəl qohumlarımiz bizə qonaq gəldi. Mən evdə olan müddətdə birlikdə rayon ərazisinə gəzmək üçün getdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü işi olduğundan arvadı qohumları ilə gəzməyə tək gedib:
“Evə qayıdan zaman evin qapısının bağlı olduğunu və açarında həmişəki yerdə olmadığını gördüm. Evin həyətində olan zaman arvadım qohumlarım ilə birlikdə evə gəldi. Arvadımdan təklikdə olan zaman açarı niyə mənim üçün saxlamadığını soruşdum. O, isə açarın həmişəki yerdə olduğunu dedi. Bu səbəbdən yaşadığımız evin həyətində mübahisəmiz yarandı. Mübahisə zamanı arvadım tərəfindən mənə qarşı nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşdim, onun ağız nahiyyəsindən yumruqla, həmçinin bədəninin müxtəlif nahiyyələrindən şillə, yumruqla vurdum”.
Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə Aqil 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə yaşadığı Gəncə şəhərində yerləşən yaşayış evini cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməsi, həmçinin Gəncə şəhəri ərazi hüdudlarını tərk etməsi qadağan olunub.
Bundan başqa, ona həmin dövrdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.
Bizim.Media