Bakıətrafı qəsəbələrdə avtomobil yollarının işıqlandırma problemləri barədə məlumat vermişdik.
MÖVZU İLƏ BAĞLI:
Masazır sakinlərinə ŞAD XƏBƏR: Fevralın 1-dən etibarən... – VİDEO
Xüsusilə Masazır sakinlərini narahat edən məqam – illərdir əsas şose yolunun işıqlandırma sisteminin olmamasıdır. Sürücülər şikayət edirlər ki, yollar lazımi səviyyədə işıqlandırılmadığı üçün yolu tam aydın görə bilmirlər, bu da qəza riskini artırır.
Problemin həlli ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb vəziyyətlə bağlı məlumat almışdıq. Qurumdan Bizim.Media-ya bildirilmişdi ki, Masazır qəsəbəsinin əsas və ara yollarında müasir küçə işıqlandırma sistemləri fevralın 1-dən etibarən təmin olunacaq.
Amma fevralın yarıya çatmasına baxmayaraq, Masazır gecənin zülmətindən işıqlığa çıxa bilmədiyi üçün məsələnin niyə gecikdirilməsi ilə maraqlandıq. Abşeron rayon İcra Hakimiyyətindən bildirildi ki, yol kənarlarındakı gecə işıqlandırılması sistemlərinin yerli icra hakimiyyətinin balansına verilməsi istiqamətində həyata keçirilən təhvil-təslim işləri artıq başa çatıb.
Hazırda kommunal xidmət idarələri tərəfindən fasilədən sonra yaranmış texniki nasazlıqlar mərhələləri şəkildə aradan qaldırılır. Artıq Xırdalan şəhəri və bir çox qəsəbələrdə texniki nasazlıqlar həll olunub və gecə işıqlandırılması təmin edilib. Növbəti həftə ərzində isə təmir işlərinin Masazırda aparılması nəzərdə tutulur.
Şəfiqə Şəfa, Bizim.Media